Yaponiyanın “Toyota Motor Corporation” avtomobil istehsalçısı və onun hindistanlı tərəfdaşı “Kirloskar Motor” Hindistanda üçüncü zavodu tikməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “The Economic Times” qəzetinin məlumatına görə, müəssisənin inşası Hindistanda “Toyota” avtomobillərinə tələbatın artması ilə bağlıdır.

Hazırda “Kirloskar Motor” Hindistanda ümumi istehsal gücü ildə 342 min avtomobilə çatan iki zavodu idarə edir. 2023-cü ilin mayında “Toyota” konserninin Hindistanın Bidadi şəhərindəki (Karnataka ştatı) filialına məxsus zavod əlavə olaraq 1,5 min işçi qəbul edib və müəssisəni üçnövbəli iş rejiminə keçirib. Bu, zavodda avtomobil istehsalını 30 faiz artırmağa imkan verib.

2023-cü ilin əvvəlindən avqust ayınadək “Kirloskar Motor” avtomobil istehsalını 34 faiz artıraraq 147 min 192 ədədə çatdırıb. Ötən ilin analoji dövründə isə kompaniya cəmi 109 min 669 avtomobil istehsal etmişdi.