Asiya nəhənginə edilən 20 milyard dollarlıq təklif hələ də cavabsız qalıb.

Yaponiyanın ən iri sənaye korporasiyalarından olan Toshibanın payçılarından biri, ABŞ-ın hedc fondu Farallon Capital Management bir həftədən sonra sükutu pozan ilk investor olub.

Marja xəbər verir ki, 6%-lik payla Goldman Sachs və SMP Partnersdən sonra üçüncü ən böyük səhmdar olan Farallon bugün ictimaiyyətə açıqlamasında Toshibanı ötən həftə CVC-dən aldığı 20 milyard dollarlıq alqı-satqı təklifini dəyərləndirməkdə tələsməməyə və “xüsusi müstəqil komitə quraraq, təfsilatlı bazar araşdırması, alternativ imkanlar axtarışı və ədalətli proses nəticəsində qərar verməyə” çağırıb.

Xatırladaq ki, aprelin 6-da Toshiba Avropanın özəl səhm kapitalı şirkəti CVC Capital Partnersdən 20 milyard dollarlıq Satınalma təklifinin daxil olduğunu və Direktorlar Şurasında müzakirə edilərək, qərar veriləcəyini bildirmişdi.

Məlumatlı mənbələrin bildirdiyinə görə, bu xəbər digər potensial investorları da hərəkətə keçirib və keçmişdə Yaponiyanın ən uğurlu sənaye liderlərindən olan Toshibanı satın almaq üçün alternativ iri həcmli qiymət təkliflərinin ediləcəyi istisna deyil. Yaponiya hökuməti də bu məsələdə son sözünü hələ söyləməyərək, prosesin nisbətən aydınlaşmasını gözləyir.