2023-cü ilin üçüncü rübündə ABŞ-nin “Tesla” şirkəti 435 min elektrik avtomobili satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur.

“Report” xəbər verir ki, bu barədə şirkətin verilənlərindən məlum olub.

Belə ki, sözügedən hesabat dövründə 430 min avtomobil istehsal edilib.

Eyni zamanda, bu ilin ikinci rübü ilə müqayisədə satışlar 6,7 % azalıb. Şirkət özü bunu “yenidən konfiqurasiya üçün zəruri olan zavodların işində əvvəllər planlaşdırılan fasilələrlə” izah edib.

Müşahidəçilər bu fasilələri yeni “Cybertruck” pikapının satışına hazırlıqla əlaqələndirirlər. Şirkət ilkin olaraq üçüncü rüb üçün satışların başladığını elan etsə də, hələ başlamayıb. Bununla belə, “Tesla”nın 2023-cü ildə istehsalla bağlı proqnozunu eyni səviyyədə – 1,8 milyon avtomobil səviyyəsində saxladığını nəzərə alsaq, uzmanlar pikapların satışının bu il də başlayacağını düşünürlər. Şirkət oktyabrın 18-i axşam birjada hərraclar bağlandıqdan sonra üçüncü rüb üçün tam maliyyə hesabatlarını dərc edəcək.