2022-ci ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankı (AMB) 2 milyard ABŞ dolları həcmində vəsait sterilizasiya edib.

“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “Global Finance”a müsahibəsində deyib.

Onun sözlərinə görə, dünyanın əksər ölkələri kimi Azərbaycan da 2021-ci ilin ortalarından yüksək inflyasiya şokları ilə üzləşib:

“Bu dəfə inflyasiya təzyiqlərinin xarakteri tamamilə fərqli idi. Ötən ilin əvvəlindən AMB-nin sədri vəzifəsinə təyin olunduğum ilk günündən ikirəqəmli illik inflyasiya ilə mübarizə mənim gündəliyimin əsas hissəsi olub. İlk addım kimi pul-kredit siyasətinin səmərəliliyini yenidən qiymətləndirdik. Sonra pul transmissiyasının müvafiq kanalları arasında əlaqəni yaxşılaşdırmaq üçün əsaslı islahatlar apardıq”.

T. Kazımov əsas fəaliyyətlər sırasında banklararası pul bazarı üçün lazımi infrastrukturun yaradılmasını, banklararası pul bazarı əməliyyatlarında bankların fəal iştirakını stimullaşdırılmasını qeyd edib.

“Bundan başqa, daimi kredit alətlərini fəaliyyətə keçirdik, açıq bazar əməliyyatlarının sayını və tezliyini artırdıq və müqayisəli analiz üçün müxtəlif pul bazarı indeksləri təqdim etdik.

Həmçinin pul siyasətini də sərtləşdirməyə başladıq. Məcburi ehtiyat normaları artırılaraq bankların öhdəliklərinin həcminə görə differensiallaşdırılıb”, – Mərkəzi Bankı sədri qeyd edib.