BP şirkətinib əməliyyatçısı olduğu Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) vasitəsilə nəql olunan Azəri-Çıraq-Günəşli (AÇG) nefti yüklənmiş 1 000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb.

BP-dən “APA-Economics”ə verilən məlumata görə, İtaliyaya yola düşən “Stamos” adlı 1 000-ci tankerə AÇG yatağından hasil olunmuş və Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstan ərazisi boyunca təhlükəsiz şəkildə nəql edilmiş 650 min barel xam neft yüklənilib.

“Bakı-Supsa bp və tərəfdaşlarının həyata keçirdiyi ilkin neft layihəsinin mühüm bir hissəsidir və Gürcüstanda və regiondakı təhlükəsiz və etibarlı əməliyyatlarımızın gözəl nümunəsidir. Supsa terminalından 1 000-ci tankerin yola salınması həm də BP-nin Gürcüstandakı fəaliyyətinin 25-ci ildönümünə təsadüf edən əlamətdar bir hadisədir”, deyə BP-nin Gürcüstan üzrə vitse-prezidenti Aytən Hacıyeva bildirib.

Xatırladaq ki, Bakı-Supsa boru kəməri 1999-cu ildə istismara veriləndən bəri 700 mln. bareldən çox neft nəql edib. Boru kəmərinin hazırkı ixrac həcmi gündəlik 100 min barel təşkil edir.