“Süni intellekt” termini ilk dəfə olaraq Türkiyənin milli təhlükəsizlik siyasətində öz əksini tapa bilər.
AZƏRTAC xəbər verir ki, bu məsələ Türkiyə Milli Təhlükəsizlik Şurasının bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında müzakirə olunacaq.
Daha çox “Qırmızı kitab” kimi tanınan sənəd Türkiyənin qarşısında duran prioritetləri, təhdid və problemləri əks etdirmək üçün hər beş ildən bir yenilənir.
Təkliflər təsdiqlənərsə, türkiyəli ekspert və analitiklərin “dövlətin yazılmamış konstitusiyası” adlandırdıqları yenilənmiş “Qırmızı kitab” 2025-ci ildə qüvvəyə minəcək.
Milli Təhlükəsizlik Şurasının gündəliyinə ABŞ-dan 40 “F-16” blok 70 qırıcısı və Avropanın təyyarə istehsalı konsernindən daha 40 “Eurofighter” təyyarəsi alınması planları fonunda Türkiyə Hərbi Hava Qüvvələri donanmasının modernləşdirilməsi mövzusu da daxildir.
Bundan əlavə, Ankara Vaşinqtondan Türkiyənin artıq ödədiyi, hazırda ABŞ-dakı anqarlarda yerləşən 6 F-35 təyyarəsini təhvil verməsini və ölkənin F-35 proqramına qayıtmasını gözləyir.
Ayrıca bəndlə bölgədə davam edən antiterror əməliyyatları fonunda Suriya və İraqdakı vəziyyətin müzakirəsi planlaşdırılır.
Suriya böhranının kəskinləşməsi ilə əlaqədar Türkiyə sərhədləri istiqamətində yeni qaçqın axınının baş vermə ehtimalı ilə bağlı da fikir mübadiləsi aparılacaq.