Çində COVID-19 virusuna yoluxmaların çoxalması səbəbindən tətbiq olunan qapanma rejiminə görə dayanan ictimai nəqliyyatın fəaliyyəti mayın 22-dən etibarən mərhələli şəkildə bərpa olunacaq.

AZƏRTAC Şanxay hökumətinin məlumatına istinadla xəbər verir ki, ilkin olaraq şəhərin mərkəzi hissəsini, habelə hava limanlarını və dəmir yolu vağzallarını əhatə edən nəqliyyatın hərəkətinin bərpası planlaşdırılıb. Belə ki, metronun 4 xətti üzrə qatarlar 20 dəqiqə intervalla hərəkət edəcək. Bundan başqa, 273 marşrut üzrə avtobuslar da fəaliyyətə başlayacaq. İctimai nəqliyyatdan yalnız son 48 saatda verilmiş koronavirus testinin neqativ nəticəsi olanlar istifadə edə biləcək.

Qeyd edək ki, COVID-19 virusunun sürətlə yayılması səbəbindən təxminən 2 aydır qapanma rejiminin tətbiq olunduğu Şanxayda karantin rejiminin yumşaldılmasına başlanılıb. Mayın 16-dan etibarən ticarət mərkəzlərinin, supermarketlərin, apteklərin, kafe və restoranların, qadın və kişi salonlarının mərhələli şəkildə fəaliyyəti bərpa olunur. Taksi və fərdi avtomobillərin şəhərkənarı zonada, habelə Cişan və Fensien rayonlarında, Pudon adlanan ərazinin bəzi aşağı riskli zonalarında hərəkətinə icazə verilib.

Şəhər hökuməti iyunun sonunadək iqtisadiyyatın bərpası və həyatın normallaşması üçün hökumətin üçmərhələli epidemik profilaktika və nəzarət planı hazırlayıb. Mayın 16-dan başlayan birhəftəlik ilkin mərhələdə yoluxma sayını, habelə qapalı və nəzarət olunan məhəllələrdə yaşayanların sayının azaldılması hədəflənmişdi. Bu hədəfə böyük dərəcədə nail olunub. Mayın 22-dən başlayacaq və ayın sonunadək davam edəcək ikinci mərhələdə fövqəladə mübarizə vəziyyətindən normallaşa dövrünə keçid olacaq. Bu mərhələdə şəhərdaxili avtobusların və metronun fəaliyyətinin bərpasına nəzərdə tutulub.

İyunun 1-dən başlayacaq 3-cü mərhələdə istehsalın və həyatın normallaşması prosesi start götürəcək. Orta məktəblərdə əyani dərslər 9-cu, 11-ci və 12-ci siniflər ilk olmaq şərti ilə mərhələli formada bərpa olunacaq.

Təxminən 25 milyon əhalisi olan Şanxayın yaşayış məhəllələrində ötən həftənin bəzi günlərində yoluxmalar qeydə alınmayıb. Ötən sutka ərzində isə 868 yoluxma aşkarlanıb ki, onların da hamısı xüsusi karantin yerində saxlanılanlar arasında qeydə alınıb.

Paytaxt Pekində isə epidemik vəziyyət ağır olaraq qalır. Xüsusən Çaoyan, Fentay, Haydien, Şunyi və Fanşan rayonlarında vəziyyət daha ağırdır. Aprelin sonundan etibarən bütün şəhər üzrə kütləvi test prosesi həyata keçirilir. Əslində 21 milyon sakini olan Pekində sutkada 50-60 civarında yoluxma aşkarlanması elə də böyük rəqəm kimi görünməyə bilər. Amma Çin səlahiyyətliləri gizli yoluxmaların ola biləcəyini, “omikron” ştamının böyük ötürücülük qabiliyyətinin olmasını əsas götürərək, paytaxtda qabaqlayıcı tədbirləri ciddi nizamla icra edir. Bütün şəhər üzrə kafe və restoranların yerində xidmətlər göstərilməsi dayandırılıb, digər iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb, məktəblərdə dərslər dayandırılıb, yoluxma aşkarlanan zonalarda ictimai nəqliyyatın hərəkəti, habelə taksi və çatdırılma xidmətləri qadağan olunub. Yuxarıda qeyd olunan rayonlarda iş yerlərinin də çoxu bağlıdır. Yüksək və orta riskli zonalarda yaşayanlar evlərini tərk edə bilməzlər.