Cari ilin səkkiz ayında Rusiyanın avtomobil idxalında Çinin payı 92 faizə çatıb.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Gömrük Xidməti rəhbərinin vəzifələrini icra edən Ruslan Davıdov yerli mediaya açıqlamasında deyib. “Çin bu ilin ilk səkkiz ayında Rusiyanın avtomobil idxalında 92 faizlik paya sahib olub”, – deyə o bildirib.
Rusiyanın Avropa İttifaqı ilə ticarət dövriyyəsinin azalmaqda davam etdiyini diqqətə çatdıran Ruslan Davıdov bunun proqnozlaşdırılan olduğunu qeyd edib.
“Autostat” analitika agentliyinin məlumatına görə, avqust ayında Rusiyada yeni avtomobil satışları ötən ilin analoji dövrü ilə müqayisədə 160 faiz artaraq 109 min 700 ədəd təşkil edib. Yeni avtomobillərin satışında ən böyük paya “Avtovaz” kompaniyası sahib olub, ikinci yeri isə Çinin “Chery” avtomobil istehsalçısı tutub.
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra Qərb ölkələrinin bir çox avtomobil kompaniyası Moskva ilə əməkdaşlığı dayandırıb.