Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən 21.13 milyard dollar artıb. Bu, “Bloomberg Billionaires Index”in son məlumatlarından irəli gəlir. Rusiyalı iş adamları arasında reytinqdə birinci yeri Vladimir Potanin tutur. Qeyd olunur ki, ilin ən böyük itkisini Süleyman Kərimov verib.
“Norilsk Nikel” şirkətinin sahibi Vladimir Potanin rusiyalı iş adamları arasında ən zəngini olaraq qalır. İlin əvvəlindən onun sərvəti 210 milyon dollar azalaraq 28.4 milyard dollar təşkil edib. İkinci yeri “Novatek”in həmsahibi Leonid Mixelson tutur: onun sərvəti 2.68 milyard dollar artaraq 27.3 milyard dollara çatıb.
NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin sərvətini 3.42 milyard dollar artıraraq 23.3 milyard dollara çatdırıb. O, reytinqdə üçüncü yerdədir. LUKOIL-un təsisçisi Vahid Ələkbərov ilin əvvəlindən 6.4 milyard dollar qazanaraq sərvətini 21.8 milyard dollara yüksəldib. O, rusiyalı iş adamları arasında dördüncü yerdədir.
Beşinci yerdə 233 milyon dollar itirmiş Əlişir Usmanov qərarlaşıb. Onun sərvəti hazırda 18.2 milyard dollar olaraq qiymətləndirilir. Altıncı yeri “Severstal”ın əsas benefisiarı Aleksey Mordaşov tutub, onun sərvəti əvvəldən 520 milyon dollar artıb.