Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) Direktorlar Şurası bu gün keçirilən iclasda uçot faiz dərəcəsini 5,5%-dən 6,5%-ə artırılması ilə bağlı qərar qəbul edib.

APA-Economics” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.

Sonuncu dəfə (11 iyunda) Rusiya Bankı uçot dərəcəsini 5%-dən 5,5-ə artırmışdı.

Rusiya Bankı hesab edir ki, 2021-ci ilin II rübündə ölkə iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə çatıb. Tənzimləyici illik inflyasiyanın 2021-ci ildə 5,7-6,2% olacağını, 2022-ci ildə 4-4,5%-ə enəcəyini, gələcəkdə isə 4%-ə yaxın qalacağını gözləyir.

Bundan başqa, Rusiya Bankı 2021-ci ildə ÜDM-nin 4-4,5% artacağını proqnozlaşdırır. Tənzimləyici 2022-2023-cü illərdə Rusiya iqtisadiyyatının illik 2-3% böyüyəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, əvvəlki faiz artımından sonra Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina ölkədə inflyasiyanın artmasının daha çox narahatlıq doğurduğunu bildirmişdi. Onun sözlərinə görə, qiymət artımının sürətlənməsinə, xüsusən yumşaq pul-kredit siyasəti təsir edib. Nabiullina inflyasiyanın davamlı artması fonunda Rusiya Bankının uçot dərəcəsini artırmağa davam edəcəyini bildirmişdi.