“Bank of Georgia”nın Ermənistanın “Ameriabank”ının səhmlərinin 90 %-ni alması üzrə sövdələşmə rəsmən bağlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bundan sonra bankın səhmlərin 60 %-i “Bank of Georgia”nın sahibinə – “Bank of Georgia Croup PLC” korporasiyasına, 30 %-i isə “Bank of Georgia”nın özünə məxsus olacaq.

Qalan 10 % pay isə əvvəlki qaydada Avropa Yenidənqurma və İnkişaf Bankında qalacaq.

Ermənistan bankı 303,6 milyon ABŞ dollarına alınıb. Şərtlərə görə, bank brendini və menecmentini dəyişməyəcək.

Xatırladaq ki, indiyə qədər “Ameriabank”ın əsas sahiblərindən biri hazırda Bakıda həbsdə olan Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan olub.