Bu ilin yanvar-sentyabr aylarında dünyada 60,573 milyon ədəd, sentyabr ayında isə 6,299 milyon ədəd yeni avtomobil satılıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 12,1% çox və 20,3% azdır.

Ötən ay satışlar üzrə lider Çin olub. Bu ölkədə 2,077 milyon avtomobil satılıb ki, bu da 1 il əvvələ nisbətən 16,5 % azdır. Mənfi dinamika ardıcıl olaraq 5-ci aydır ki davam edir. Səbəb çip çatışmazlığıdır.

Sentyabrda avtomobil satışı Qərbi Avropada 24,2 % azalaraq 1,046 milyon ədəd, Şərqi Avropada isə 20,9% azalaraq 0,307 milyon ədəd olub.

ABŞ-da isə ay ərzində 1,002 milyon avtomobil satılıb ki, bu da 25,1% azalma deməkdir.

Cənubi Amerikada isə avtomobil satışı 26,1 % azalaraq 0,172 milyon ədədə düşüb.