Qazaxıstandan taxıl ixracı bu il 12 milyon tona çatacaq.
“Report”un Qazaxıstan bürosu bunu hökumətin mətbuat xidmətinə istinadən xəbər verir.
“Qazaxıstan hər il 8-9 milyon ton taxıl ixrac edir ki, bunun da 6,5-7,5 milyonu buğdanın payına düşür. İxrac coğrafiyası 40-dan çox ölkəni əhatə edir. Ənənəvi bazarlar Mərkəzi Asiya ölkələri, Əfqanıstan, Çin, Türkiyə, İran, İtaliya və Tunisdir”, – məlumatda qeyd olunur.
Məlumata görə, noyabrın sonuna olan vəziyyətə görə Qazaxıstanın taxıl ixracı 6,3 milyon ton təşkil edib. Yeni məhsulun ixracı 2,37 milyon ton olub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.
“Proqnozlara görə, cari ildə ixrac potensialı 12 milyon tona çatacaq. Əsas satış bazarları Mərkəzi Asiya ölkələri, Çin, Əfqanıstan, İtaliya və digər ölkələr olacaq. Bu il, həmçinin taxılın Azərbaycan, Əfqanıstan (Türkmənistan üzərindən tranzit), İran, İraq, Şimali Afrika ölkələri və Qara və Baltik dənizləri limanları vasitəsilə Avropa İttifaqı kimi ölkələrə 2 milyon tona qədər daşınması məsələsi də nəzərdən keçirilir”, – məlumatda bildirilib.