Türkiyənin TİTRA şirkətinin istehsalı olan “Alpin” pilotsuz helikopteri Şimali İraqda Türkiyə ordusu tərəfindən uğurla istifadə olunur. Bu fırlanan qanadlı təyyarələr sayəsində hazırda antiterror əməliyyatı zonasında hərbi qulluqçuların yerləşdiyi ərazilər arasında ümumi çəkisi 200 kiloqrama qədər olan yüklər daşınır.

Bu barədə şirkətin icraçı direktoru Abdulkadir Şener Türkiyə Milli Müdafiə Nazirliyinin İzmir vilayətində təşkil etdiyi müdafiə sərgisində AZƏRTAC -ın müxbiri ilə söhbətində deyib.

Onun sözlərinə görə, “Alpin” helikopteri sutkanın istənilən vaxtı tapşırıqları yerinə yetirə bilər. “Pilotsuz helikopterlər ya tam avtonom rejimdə, ya da əl ilə idarə olunmaqla istifadə edilə bilər. Eyni zamanda, pilotlu avtomobillərdə olduğu kimi, eyni hava şəraiti Alpin üçün də uyğundur”, – deyə “TİTRA Group”un icraçı direktoru bildirib.

O qeyd edib ki, benzinlə işləyən bu pilotsuz helikopter 6,4 kilometr hündürlüyə qalxa bilir və yükün ağırlığından asılı olaraq 850 kilometrədək məsafə qət edir.

“TİTRA Group”un nümayəndəsi bildirib ki, təmsil etdiyi şirkət həm də “Alpin” helikopterindən istifadə üzrə kadrlar hazırlayır. Bu kurslar 6-8 həftə davam edir. Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları üçün 40-a yaxın mütəxəssis hazırlanıb.

Şener bildirib ki, Türkiyə ordusuna “Alpin” helikopterlərinin böyük partiyasının verilməsi üçün müqavilə hazırlanır. Eyni zamanda, o, pilotsuz helikopterlərin imkan diapazonunun yalnız yük daşımaları ilə məhdudlaşmadığını diqqətə çatdırıb. “Məsələn, “Alpin” yanğınsöndürmədə və ya raketlər də daxil olmaqla, silah daşıyaraq hərbi hücum helikopteri kimi istifadə edilə bilər. Gecə görmə sistemi sayəsində məhsullarımız dövlət sərhədinin maksimum təhlükəsizliyinə zəmanət verə, qeyri-qanuni miqrasiyanın qarşısını ala və ya boru kəmərləri də daxil olmaqla mühüm infrastruktur obyektlərini qoruya bilər”, – deyə Şener izah edib.

“TİTRA Group”un icraçı direktoru dənizdə lokasiya edilən pilotsuz helikopterin modifikasiyasının hazırlandığını açıqlayıb. O qeyd edib ki, növbəti altı ay ərzində şirkət bu istiqamətdə işləri başa çatdırmağı planlaşdırır.

Şener bildirib ki, müxtəlif ölkələr – Yaxın Şərq, Şərqi Avropa, Qərbi Afrika və türk dövlətləri “Alpin” helikopterinə maraq göstərir. “Azərbaycan nümayəndələri ilə görüşlər zamanı da pilotsuz helikopterlər mövzusu qaldırılıb və onlar da bizim məhsullarımıza maraq göstəriblər. Biz “Alpin”in imkanlarını nümayiş etdirməyə və helikopterin sınaqdan keçirilməsi üçün sahə təqdim etməyə hazırıq”, – deyə Şener əlavə edib.