Dünyada təhsilin bütün pillələri üzrə adambaşına maliyyələşmə mexanizmi geniş yayılıb. Müəssisələrdə hər bir tələbə üçün xərclər müəyyənləşdirilir və sifariş bu formada aparılır.

Bunu APA-ya müsahibəsində Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, indiyə qədər peşə təhsili müəssisələrinin bütün ixtisaslarında fərq qoyulmadan tələbələrə eyni xərc müəyyən olunmuşdu:

“Məsələn, qaynaqçının da hotel inzibatçısının da hazırlanmasına eyni vəsait düşürdü. Amma qaynaqçı hazırlamağın xərcləri daha çoxdur. Çünki qaynaq aparatı var, elektrik enerjisi sərfiyyatı çoxdur, elektrodlar və digər ləvazimatlar üçün daha artıq vəsait tələb olunur. Və ya İT mütəxəssisinin hazırlanması üçün kompüter texnikası, ləvazimatlar və proqram lisenziyaları alınmalıdır. Bu halda, məsələn, hotel inzibatçısının hazırlanması ilə müqayisədə bu ixtisaslar üzrə mütəxəssis hazırlanması daha baha başa gəlir.

Beləliklə, yeni maliyyələşmə mexanizmində hər bir təhsilalanın illik xərci müəyyənləşdiriləcək və ayrılan vəsait də daha səmərəli formada istifadə ediləcək. Bu, digər tərəfdən hansı müəssisənin daha yaxşı kadr hazırlaya bildiyini müəyyənləşdirməyə imkan verəcək və uzunmüddətli perspektivdə müəssisələrarası rəqabəti artıracaq. Eyni zamanda, müəssisələrin əldə olan vəsaiti idarə edə bilmələri üçün müəyyən qədər muxtariyyəti olacaq. Müəssisə xərclərini daha optimal həyata keçirə bilərsə, həm işçilərinin rifahını yaxşılaşdırmaq üçün vəsaiti ola bilər, həm də özünün tədris prosesini inkişaf etdirər”.