Paris metrosunda Olimpiya oyunları müddətində gediş haqqı 2,15 avrodan 4 avroya (7,30 manat) qaldırılacaq.
AZƏRTAC xəbər verir ki, Paris bələdiyyəsinin qərarı oyunların açılış mərasimindən 6 gün əvvəl – iyulun 20-də qüvvəyə minəcək. Qiymət artımı aylıq və illik kart (Navigo) sahiblərinə şamil edilməyəcək. Bu qayda metrodan az istifadə edənlərin kassalar qarşısında yaratdığı növbələri aradan qaldırmaq məqsədi daşıyır.
Paris bələdiyyəsindən bildirilib ki, artıq pul ödəməmək və kassa qarşısında növbə gözləməmək üçün ya 16 avroya gündəlik, ya da 70 avroya həftəlik kart almaq tövsiyə olunur. Halbuki Paris sakinləri üçün həftəlik nəqliyyat kartı (Navigo Semaine) cəmi 30 avrodur.
Qərar Paralimpiya oyunlarının bağlanış mərasiminin keçiriləcəyi günədək (8 sentyabr) qüvvədə olacaq.