“Azərbaycan Dəmir Yolları” QSC payız-qış mövsümünün başlanması ilə əlaqədar sərnişinlərin rəy və təkliflərini nəzərə alaraq oktyabrın 1-dən etibarən bölgələr üzrə hərəkət edən qatarların qrafikində dəyişikliklər edib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, dəyişikliklərə əsasən, payız-qış mövsümündə paytaxta üz tutan sərnişinlərin mənzilbaşına daha tez çatması üçün qatarlar mövcud qrafikdən daha erkən yola düşəcək. Belə ki, yenilənmiş qrafikə əsasən, Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatar saat 17:30-da, ənənəvi qrafikdən 40 dəqiqə tez yola düşərək saat 22:35-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Qəbələ-Bakı marşrutu üzrə yenilənmiş hərəkət qrafikinə əsasən sürətli sərnişin qatarı saat 19:00-da, ənənəvi qrafikdən 30 dəqiqə daha tez yola düşərək saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Qeyd edək ki, oktyabrın 1-dən etibarən Bakı-Ağstafa marşrutu üzrə ənənəvi qrafiklə (saat 08:45-də) hərəkət edən sürətli sərnişin qatarı Şəmkir rayonunun Dəllər stansiyasında da dayanacağından qatarın Ağstafaya çatma vaxtı saat 13:42-dən 13:46-a dəyişdirilib.