“Nvidia”nın qurucusu və baş direktoru Jensen Huangın xalis sərvəti çiplərə güclü tələbat səbəbiylə gəlir artımı proqnozu fonunda bir gündə 6.5 milyard dollar artıb, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Cümə axşamı şirkət birinci rüb hesabatını açıqladıqdan və səhmləri təxminən 25% artdıqdan sonra Huangın xalis sərvəti bir gecədə 23.5% artaraq təqribən 34 milyard dollara çatıb. Bunun sayəsində milyarder real vaxt rejimində yenilənən dünyanın ən varlı adamlarının “Forbes Real-Time” reytinqində 37-ci yerə yüksəlib.

Şirkət rüblük gəlir artımı proqnozunu 11 milyard dollara qədər yaxşılaşdırdıqdan sonra mayın 25-də “Nvidia”nın səhmləri kəskin artıb ki, bu da bir il əvvəlkindən 33% və analitiklərin gözləntilərindən 50% çoxdur.

“Kompüter sənayesində eyni vaxtda iki proses baş verir – hesablamaları sürətləndirmək və generativ süni intellekt üzərində işləmək”, – Huang bildirib. Şirkətin hazırladığı çiplər hər iki vəzifəni yerinə yetirmək üçün istifadə olunur, buna görə o, tədarükü daha da artırıb.

“Nvidia” səhmləri bir gün əvvəl 0.01% artımdan sonra cümə günü Bakı vaxtı ilə saat 13:40-da hər səhm üçün 379.8 dollara yüksəlib.