Nissan, 2027-ci ilə qədər 30 yeni avtomobil modeli təqdim edərək qlobal satış həcmini artırmağı planlaşdırdığını açıqlayıb.

Yaponiyanın üçüncü ən böyük avtomobil istehsalçısı olan Nissan, ortamüddətli biznes planını açıqlayıb.

Marja xəbər verir ki, Nissan Motor bəyanatında qarşıdakı üç il ərzində 30 yeni model buraxacağını bildirib.

Digər tərəfdən şirkət xərcləri azaltmağı və qlobal satışlarını 1 milyon ədəd artırmağı hədəflədiyini açıqlayıb.

Nissan tam elektriklə işləyən avtomobillərin qlobal satışlarının təxminən beşdə birini (20 faizini), hibrid enerji sistemləri ilə işləyən avtomobillərin daha beşdə birini(20 faizini), qalan 60 faizi isə daxili yanma mühərrikləri ilə işləyən avtomobillərin təşkil edəcəyini gözləyir.

Nissan tam elektrik ilə işləyən Leaf modeli ilə elektrik avtomobillərində sıçrayış etsə də, rəqibləri ABŞ Tesla və Çin BYD-nin kölgəsində qalıb.