Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) səhm indeksləri strategiyası üzrə yaranma tarixindən 232% və ya 5,6 milyard ABŞ dolları gəlir əldə edib (30 iyun 2024-cü il tarixinə).

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. Qeyd olunub ki, əksər institusional investorlar, o cümlədən suveren sərvət və pensiya fondları kimi ARDNF də kotirovka olunan səhmlərə investisiyalarını həyata keçirərkən passiv idarəetmə strategiyasından istifadə edir. Bu strategiya individual şirkətlərin səhmlərinə investisiya etmək əvəzinə, “MSCI World” kimi xüsusi səhm indekslərini izləməyi nəzərdə tutur. ARDNF-nin səhm portfeli üzrə izlədiyi əsas indeks olan “MSCI World” indeksi 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1430 şirkətin səhmlərini özündə birləşdirir. Bu şirkət səhmlərinin toplam bazar kapitalizasiyası 70 trilyon ABŞ dollarına yaxındır.

“MSCI World” indeksinin izlənilməsi üzrə göstəricilər* (30 iyun 2024-cü il tarixinə)

*ARDNF-nin kotirovka olunan səhm investisiyalarının “MSCI World” indeksini izləyən hissəsi. Bundan əlavə 1.5 milyard ABŞ dolları həcmində hissəni “MSCI Europe ex UK” indeksini izləyən portfel və nağd vəsaitlər təşkil edir.

Səhm indeksi hər hansı region, ölkə, sektor və digər amillər üzrə birjada kotirovka olunan şirkətləri ehtiva etməklə müvafiq bazarı özündə əks etdirən səhm toplusudur. Bu indekslərə nümunə olaraq “S&P 500” (ABŞ səhm bazarının 500 ən iri həcmli şirkəti), “STOXX Europe 600” (Avropanın inkişaf etmiş ölkələrinin 600 kiçik, orta və iri həcmli şirkəti), “NASDAQ 100 Technology Sector” (100 ən böyük texnologiya şirkəti) göstərmək olar.

“MSCI World” indeksinin ölkələr və sektorlar üzrə bölgüsü (30 iyun 2024-cü il tarixinə)