Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbay şəhəri yaşayan milyarderlərin sayına görə Asiya şəhərləri arasında lider olub.
AZƏRTAC xəbər verir ki, bu nəticə Hindistanın “Hurun India” reytinq agentliyinin araşdırmasında yer alıb.
Araşdırmaya görə, Mumbay Pekini qabaqlayaraq ilk dəfə olaraq Asiya milyarderlərinin paytaxtı olub. Mumbayda 92 milyarder, Çinin paytaxtında isə 91 milyarder yaşayır. Buna baxmayaraq, ümumilikdə Çin hələ də sərvəti 1 milyard dollardan çox olan sakinlərin sayına görə Hindistanı qabaqlayır: Çində 814 milyarder, Hindistanda isə cəmi 271 milyarder var.
Tədqiqata görə, Mumbay dünyada milyarderlərin sayına görə Nyu-York (119) və Londondan (97) sonra üçüncü yerdədir.
Araşdırmada qeyd edildiyi kimi, 2024-cü ilin əvvəlindən Mumbay siyahıya 26 milyarderini əlavə edib. Eyni zamanda, Pekində onların sayı 18 nəfər azalıb. Mumbayda milyarderlərin ümumi sərvəti 445 milyard ABŞ dollarıdır.
Hindistanlılara milyonlarla dollarlıq sərvət gətirən sahələr enerji, əczaçılıq və daşınmaz əmlak bazarıdır. Ən varlı Mumbay sakinləri arasında birinci yeri Hindistanda enerji, neft-kimya, tekstil, təbii sərvətlər, pərakəndə ticarət və telekommunikasiya sahələrində fəaliyyət göstərən “Reliance Industries” holdinqinin sahibi olan iş adamı Mukeş Ambani tutur. Qızıl siyahıya, həmçinin biznesmen Qautam Adani, HCL İT konsaltinq şirkətinin rəhbəri Şiv Nadar, vaksinlər istehsal edən Hindistan Serum İnstitutunun sahibi, “Sayrus Poonavalla”, “Sun Pharmaceuticals” əczaçılıq şirkətinin idarəedici direktoru Dilip Şanqvi, tərtibatçı Mangal Prabhat Lodha, sənayeçi Kumar Mangalam Birla daxildirlər.