Aydındır ki, məmur daxil olmaqla, hər bir vətəndaşımızın yüksək maaş alması arzuolunandır.
Axar.az xəbər verir ki, bu sözləri son günlər gündəmi zəbt edən məmurların maaşının artırılması məsələsinə münasibət bildirən iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, yalnız bir kateqoriya üzrə əmək haqqı artımında bir sıra məqamların gözlənilməsinə ehtiyac var:
“Əvvəlla, məmurların maaşı ilə orta aylıq əmək haqqı arasında kəskin fəriq heç bir halda arzuolunan deyil. Məmurların və eləcə də deputatların maaşındakı artım orta aylıq əmək haqqıdakı artım tempindən kəskin fərqlənməməlidir.
İkincisi, dövlət qurumlarında maaşın normal olması vacib olsa belə, yüksək əmək haqqı heç də hər zaman korrupsiyaya qarşı mübarizədə səmərəli vasitə deyil. Beynəlxalq Valyuta Fondu bir müddət öncə korrupsiya ilə əmək haqqı arasındakı asılılığı müəyyənləşdirmək üçün İndoneziya Maliyyə Nazirliyinin işçilərinin maaşlarını fond vəsaiti hesabına 2 dəfə artırmışdı. 1 il sonra fond bu əməkhaqqı artımının korrupsiyaya necə təsir etdiyini araşdıran zaman bəlli olmuşdur ki, həmin dövlət qurumunda rüşvətin həcmi də 2 dəfə artıb. Rüşvətin həcmi əməkhaqqındakı artıma uyğunlaşdırılıb. Deməli, yüksək maaş heç də həmişə az korrupsiya anlamına gəlmir. Bu isə o deməkdir ki, əməkhaqqı artımları nəzarətin gücləndirilməsi ilə müşahidə edilməlidir ki, korrupsiyanın həcmi azalsın.
Nəhayət, hər bir qurumda əməkhaqqı səviyyəsi o qurumda xidmət səviyyəsinə uyğun olmalıdır. Əməkhaqqı artımından öncə xidmətin keyfiyyətini yüksəltməyə ehtiyac var”.
Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyev məmurların və millət vəkillərinin maaşının onların işinin həcminə uyğun bir neçə dəfə artırılmasını təklif edib və bunun şəffaflığa yol açacağını bildirib.