Cari ilin birinci rübündə hasilat üzrə müəyyən edilmiş kvotalarına tam əməl etməyən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçıları 30 aprel 2024-cü il tarixinədək təfərrüatlı kompensasiya planlarını Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Katibliyinə təqdim edəcəklər.
Bu barədə “APA-Economics” OPEC-in “OPEC+” (OPEC və qeyri-OPEC iştirakçıları daxildir – red.) Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 53-cü iclasının nəticələrinə dair yaydığı məlumata istinadən xəbər verir.
Məlumata əsasən, Komitə İraq və Qazaxıstanın tam uyğunluğa (hasilat üzrə – red.) nail olmaq, eləcə də artıq istehsala görə kompensasiya etmək vədini alqışlayıb. Komitə həmçinin Rusiyanın ikinci rübdə neft ixracının könüllü azaldılmasından hasilatın azaldılmasına keçməsi qərarını alqışlayıb.
Bununla yanaşı, JMMC 2024-cü ilin yanvar və fevral ayları üçün xam neft hasilatı məlumatlarını nəzərdən keçirib və Əməkdaşlıq Bəyannaməsinin (DoC) iştirakçısı olan OPEC və qeyri-OPEC ölkələri üçün yüksək uyğunluğu qeyd edib.
Qeyd olunur ki, JMMC-nin növbəti iclası (54-cü) 01 iyun 2024-cü il tarixinə planlaşdırılır.