Küveyt Neft Korporasiyası (Kuwait Petroleum Corporation – KPC) iyulun 14-də Küveytin Fars körfəzindəki Fayaka adasının şərqində nəhəng əl-Nohata adlı neft yatağını aşkarladığını açıqlayıb.

İyulun 14-də KPC-nin sosial şəbəkə səhifəsində videoçarx yayımlayan Korporasiyanın baş direktoru Şeyx Navaf Səud əl-Sabahın sözlərinə görə, yatağın ehtiyatları ölkənin üç il ərzindəki ümumi hasilatına bərabərdir.

Baş direktor bildirib ki, ilkin hesablamalara görə, yataqda təxminən 2,1 milyard barel neft və 5,1 trilyon kub fut qaz ehtiyatı ola bilər ki, bu da təxminən 3,2 milyard barel neft ekvivalentinə bərabərdir.

Küveyt Neft İxrac Edən Ölkələr təşkilatında (OPEC) beşinci ən böyük neft istehsalçısıdır və gündəlik təxminən 2,48 milyon barel hasil edir. Ölkə dünyanın ən böyük neft ehtiyatlarından birinə sahibdir və hasilatı 2035-ci ilə qədər gündəlik 4 milyon barelədək artırmaq niyyətindədir.