İyulun 15-dən etibarən Danimarkanın paytaxtına gələn və ekoloji cəhətdən məsuliyyətli davranış nümayiş etdirən – məsələn, avtomobillər əvəzinə velosiped və qatar sürmək arzusunda olan və şəhərin təmizlənməsinə töhfə verən turistlər muzeylərə pulsuz gedə, ödənişsiz baydarka icarəyə götürə və hətta qəlyanaltı edə biləcəklər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, şəhər hakimiyyət orqanları turistləri məsuliyyətli davranmağa təşviq etmək üçün bu qərarı qəbul edib.
Kopenhagenin səlahiyyətli idarələrinin “CopenPay” adlanan bu yeni təşəbbüsü ekoloji cəhətdən yaxşı davranışı şəhər müəssisələrindən istifadənin ödənilməsi üçün bir növ “valyuta” formasına çevirməyi nəzərdə tutur.
Bazar ertəsindən etibarən yeni təkrar emal mərkəzinin üzərində inşa edilmiş “CopenHill” süni xizək yamacına çıxmaq istəyənlər oraya velosiped və ya qatarla çatsalar, oradan pulsuz enə biləcəklər. Danimarka milli qalereyasına plastik tullantılarla gələn ziyarətçilər onları sənət əsərinə çevirmək üçün ustad dərslərində iştirak edə bilərlər.
Karen Bliksen muzeyində bağlara qulluq etməyə kömək edənlər məşhur yazıçının və nağıllar müəllifinin evinə pulsuz giriş əldə edə biləcəklər. Şəhərin yeraltı sərgi salonuna çevrilmiş keçmiş su anbarına ziyarətçilər sadəcə piyada və ya velosipedlə gələrək, ödənişsiz bələdçi turu qazanacaqlar.
Kopenhagenin 24 mədəniyyət və əyləncə mərkəzi artıq bu yay sözügedən təşəbbüsdə iştirak etməyə razılıq verib. Səlahiyyətli orqanlar ekoloji cəhətdən məsuliyyətli turistlərin sayının əvvəlcə az olacağını güman edirlər və “CopenPay” sxeminin avqustun 11-dək davam edəcəyini bildirirlər. Layihə uğurlu olarsa, o ilboyu davam etdiriləcək.
Dövlət statistikasına görə, ötən il Danimarkada bir gecə və ya daha uzun müddət qonaqlayan 12 milyondan çox turist qeydə alınıb.
Sərxoşluq halları, ətraf mühitə ziyan vurulması, kirayə evlərin qiymətlərinin sürətlə artması müxtəlif ölkələrdə populyar turizm bölgələrində istirahət etmək üçün gələnlərə qarşı irəli sürülən əsas şikayətlərdir. Dünyanın bir çox şəhərləri həddindən artıq turist axınından yaranan problemlərlə üzləşsələr də, hakimiyyət orqanları onları qadağan tədbirləri vasitəsilə həll etməyə çalışırlar.