Azərbaycanda “Kağızsız hökumət”ə keçidin təmin edilməsi istiqamətində artıq 980-dən çox qurum altsistemə inteqrasiya olunub.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Kağızsız hökumət” layihəsi çərçivəsində altsistem vasitəsilə bu günədək 14 mindən çox sənəd göndərilib.
Qeyd edək ki, ötən il iyunda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən elektron sənəd dövriyyəsi sistemlərinin inteqrasiyası üçün vahid şlüzün hazırlanması istiqamətində görüş keçirilib. Görüşdə Milli Məlumat Mübadiləsi platforması çərçivəsində “Kağızsız hökumət” həlli təqdim edilib. Yeni sistem istifadə etdikləri əsas Elektron Sənəd Mübadilə Sistemlərindən asılı olmayaraq, qurumlar arasında problemsiz əlaqəni təmin edəcək. Həmçinin 2023-cü il avqustun 1-də Prezident İlham Əliyev “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması” haqqında Fərman imzalayıb.