İsveç Bankı uçot dərəcəsini son 14 ildə ən yüksək səviyyəyə qaldırıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İsveç Bankı “Riksbank” cümə axşamı, noyabrın 24-də əsas uçot dərəcəsini növbəti dəfə 75 bənd artırdığını elan edib.

Beləliklə, bundan sonra dövlət tənzimləyicisinin baza dərəcəsi 2,5 faiz təşkil edir ki, bu da son 14 ildə ən yüksək göstəricidir. Bununla belə, bankda aydın şəkildə bildirilib ki, gələn il uçot dərəcələri 2,8-3 faizə qədər yüksələ bilər. Əvvəlki proqnozda İsveç Bankı 2023-cü ildə bu göstəricilərin 2,5 faiz olacağını proqnozlaşdırmışdı.

“İnflyasiya həddən artıq yüksəkdir və bu, bir çox ev təsərrüfatları və bir çox digərləri üçün problemlər yaradır”, – deyə İsveç Mərkəzi Bankının rəhbəri Stefan İnqves bildirib.

“İndi biz hesab edirik ki, gələn ilin əvvəlində əsas uçot dərəcəsini yenidən qaldırılmalı olacaq və nəticədə bu göstərici təxminən 3 faiz olacaq. Biz qeyri-adi yüksək inflyasiya ilə üzləşirik, bu da baza dərəcəsində qeyri-adi dərəcədə yüksək artım tələb edir”, – deyə o əlavə edib.

Cümə axşamı günü faiz dərəcəsi artımı elanı sentyabrın sonunda elan edilmiş 100 bənd artımından sonra, İsveç dövlət tənzimləyicisi tərəfindən son 30 ildə edilən ən böyük birdəfəlik artım olub.

Bütövlükdə, “Riksbank” bu il uçot dərəcələrini artırmağa başlayan ən son dövlət tənzimləyicilərindən biri olub. Belə ki, uzun illər davam edən aşağı inflyasiyadan sonra, cari ilin aprel ayında müşahidə olunan yüksək inflyasiya səbəbindən uçot dərəcəsinin sıfırdan qaldırılması ilə bağlı qərar verilib. Bununla belə, inflyasiya səviyyəsi durmadan yüksəlir və artıq 11 faizi keçib ki, bu da İsveçdə 90-cı illərin əvvəllərindən bəri qeydə alınan ən yüksək artımdır. Beləliklə, inflyasiya səbəbindən, cəmi bir il ərzində Skandinaviya krallığında baza uçot dərəcəsi sıfırdan 2,5 faizə qədər qaldırılıb.

Qeyd edək ki, İsveç ev təsərrüfatları dünyanın ən çox borcu olanlar sırasındadır və onların əksəriyyəti üzən ipoteka faizlərindən istifadə etməkdədir. İpoteka kreditləşməsinin rekord yüksək qiyməti artıq bazarın aktivliyinə və nəticədə, mülk qiymətlərinə zərbə vuraraq qiymətləri orta hesabla 10 faizdən çox aşağı salıb. Bununla yanaşı, müşahidə olunan qeyri-müəyyənlik və ipoteka kreditləşməsinin artan qiymətləri fonunda paytaxt Stokholmda mənzil bazarında böhran təhlükəsi barədə danışan ekspertlərin səsləri getdikcə daha çox eşidilir.