İspaniyanın şəhərlərində mənzil böhranı turizm bumu fonunda evsiz sakinlərin sayının artmasına səbəb olub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, son həftələr ölkə boyu etiraz dalğasına səbəb olan “Airbnb” və “Booking.com” kimi platformalarda turistlər üçün mənzil kirayəsi təkliflərinin artması vəziyyəti daha da gərginləşdirib.

Rəsmi məlumatlara görə, İspaniyada 2012-ci ildən bəri evsizliyin səviyyəsi 24 faiz artaraq 28 min nəfərə çatıb. İspaniya Mərkəzi Bankının hesabatına görə, kirayə evlərdə yaşayan insanların təxminən 45 faizi yoxsulluq və ya sosial təcrid riski altındadır ki, bu da Avropada ən yüksək göstəricidir.

Avropa Komissiyası bildirib ki, son on ildə bütün Avropada evsizlərin sayı əhəmiyyətli dərəcədə artıb, lakin İspaniyada problemin miqyası bariz görünmür, çünki gənc ispanlar valideynləri ilə daha uzun müddət yaşamağa üstünlük verirlər.

Şəxsi kirayə mənzillər bazarında da rəqabət şiddətlidir. “Idealista” daşınmaz əmlak saytının məlumatına görə, Madrid bazarında çıxan hər elana təxminən 40 nəfər cavab verir.

İspaniya hökuməti qarşıdakı üç il ərzində ev fonduna 184 min ictimai mənzil əlavə etməyi planlaşdırır.

“Madrid kimi böyük şəhərlər də kənd yerlərindən iş imkanlarının daha yüksək olduğu şəhər mərkəzlərinə köçün öhdəsindən gəlmək məcburiyyətindədir”, -deyə şəhərin mənzil agentliyinin baş direktoru Dieqo Lozano bildirib.

Böhran o qədər kəskindir ki, İspaniya şəhər meriyası turistlər üçün mənzil kirayəsini məhdudlaşdırmağa və ya tədricən ləğv etməyə çalışır.

İspaniya son həftələrdə daşınmaz əmlak böhranı, tətil kirayələrinin artması, səs-küy və çirklənməyə səbəb olan turist axınına qarşı etiraz dalğası ilə üzləşib.