Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən bir sıra internet operator və provayderlərinin nümayəndələri ilə ilk dəfə dəyirmi masa ətrafında görüş keçirib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi internet operator və provayderləri ilə internet telekommunikasiya sahəsində mövcud vəziyyəti müzakirə etmək və qarşılıqlı əməkdaşlığın yaradılmasına nail olmaqdır.

İKTA-nın rəhbəri Nail Mərdanov bildirib ki, internet telekommunikasiya sahəsinin tənzimlənməsi, eləcə də buradakı xidmət bazarlarının təhlili və formalaşdırılması hər bir bazar iştirakçısı üçün şəffaflığın və ədalətli yanaşmanın təmin edilməsində mühüm rol oynayır.

Görüş İKTA-nın yaradılması və fəaliyyətinə dair təqdimatla davam edib.

İştirakçılara tənzimləyici qurumun fəaliyyətə başladığı qısa müddət ərzində gördüyü işlər barədə məlumat verilib. İnternet operator və provayderlərinin davamlı fəaliyyətlərinin təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları birgə müzakirə olunub. İnternet operator və provayderlərinin nümayəndələrinin sualları cavablandırılıb.