Bu ilin oktyabr ayında İngiltərədə yaşayış evlərinin alqı-satqısı üzrə əməliyyatların sayı ötən ilin oktyabr ayı ilə müqayisədə 33,4% azalaraq 66,8 min təşkil edib ki, bu da 2008-ci ildən bəri oktyabr ayı üzrə ən aşağı göstəricidir.

APA-Economics”in məlumatına görə, bu barədə Britaniya Vergi Xidmətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, bütün Böyük Britaniyada əməliyyatların sayı 2012-ci ildən bəri ən aşağı səviyyəyə – 76,9 minə düşüb ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 28%, bu ilin sentyabr ayı ilə müqayisədə isə 52% azdır.

Mütəxəssislər daşınmaz əmlakla bağlı əməliyyatların sayının belə kəskin azalmasının səbəbini Britaniya hakimiyyət orqanlarının yaşayış daşınmaz əmlakı ilə əməliyyatlar üçün tətbiq etdiyi vergi güzəştlərinin qüvvədə olma müddətinin başa çatması ilə əlaqələndirirlər. 2020-ci ilin iyulundan 2021-ci ilin iyun ayına qədər İngiltərə və Şimali İrlandiyada ev alanlar 2021-ci ilin iyun ayına qədər alqı-satqı sövdələşməsini tamamlandıqdan sonra 15 min funt-sterlinqə qədər vergiyə qənaət edə bilib. 2021-ci ilin iyulundan sentyabr ayına qədər alıcılar 2,5 min funt-sterlinqə qədər qənaət edə bilib.

Vergi güzəştləri dövründə İngiltərə və Şimali İrlandiyada daşınmaz əmlakın satışı bir neçə dəfə artıb, ona görə də ekspertlər oktyabr ayında alıcılıq fəallığının azalacağını gözləyirdi.