Niderlandın “ING Group” şirkəti 2024-cü il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 4,2%, 2025-ci ildə 2,6%, 2026-cı ildə isə 2,8% səviyyəsində müəyyən edib.

Bu barədə şirkətin açıqladığı proqnozlarda bildirilib. Bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0,7 faiz bəndi artıb, 2025-ci il və 2026-cı il üçün isə dəyişməyib.

Hesabata əsasən, 2024-cü ilin dördüncü rübündə ÜDM artımı üçüncü rübdəki 5,4% qarşı 3% səviyyəsində proqnozlaşdırılır. Həmçinin 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 2%, ikinci rübdə 2,5%, üçüncü və dördüncü rübdə isə 3% səviyyəsində nəzərdə tutulub. 2026-cı ilin son rübündə isə iqtisadi artımın 2% təşkil edəcəyi proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9% artıb.

Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 4,2%, 2025-ci ildə 3,5%, 2026-cı ildə 2,8%, 2027-ci ildə 3,8%, 2028-ci ildə 3,3% səviyyəsində gözlənilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 3,8%, 2025-ci ildə 2,8% təşkil edəcək.

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM istehsalının bu il 3,2%, 2025-ci ildə 2,7%, 2026-cı ildə isə 2,4% artacağı gözlənilir.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM artımını 3,2%, 2025-ci ildə 2,5%, 2029-cu ildə isə 2,4% səviyyəsində proqnozlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 3,1%, 2025-ci ildə isə 2,7% olacaq.

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda 2024-cü ildə iqtisadi artım proqnozunu 2,7%, gələn ildə isə 2,6% səviyyəsində proqnozlaşdırılır.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın ÜDM-i 2,5%, 2025-ci ildə 2%, 2026-cı ildə 1,5%, 2027-ci ildə isə 1,5% təşkil edəcək.

“Moody’s” beynəlxalq reytinq agentliyi isə Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1,1%-dən 2024-cü ildə 2,1%-ə qədər sürətlənəcəyini proqnozlaşdırır.

“Fitch Ratings” beynəlxalq reytinq agentliy ölkə iqtisadiyyatının bu il 3,2%-ə qədər bərpa olunacağı, lakin gələn il 2,7%-ə, 2026-cı ildə isə 2,3%-ə qədər yavaşlayacağını proqnozlaşdırılır.