2025-ci ilin yanvar-fevral ayları ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal olunan mal və məhsulların dəyəri 347 milyon 400 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu da ölkənin cəmi idxalının 8.40%-ni əhatə edib.
Eyni zamanda, bu müddətdə fiziki şəxslər tərəfindən ixrac 15 milyon 288 min ABŞ dolları olub ki, bu da cəmi ixracın 0,32%-i deməkdir. Məlumata əsasən, fiziki şəxslər tərəfindən ölkəyə idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 20% artıb, ixrac isə 19.4% azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi məhsul ixracı 4 milyard 766 milyon ABŞ dolları, idxalı isə 4 milyard 138 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarı ilə vətəndaşın şəxsi məqsədlər üçün gömrük rüsumu ödəmədən bir ay ərzində xaricdən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 1000 ABŞ dollarından 300 ABŞ dollarına endirilib.