Yaponiyanın sənaye nəhəngi Hitachi, tikinti avadanlığı istehsalçısı Hitachi Construction Machinery bölməsinin təxminən 51 faizini 182,5 milyard yen (1,6 milyard dollar) qarşılığında İtochu şirkətinə və Japan Industrial Partners sərmayə fonduna satacaq.

Marja xəbər verir ki, Tokioda yerləşən Hitachi, şirkətin Hitachi Construction Machinery-dəki 26,1% payını hər bir səhm üçün 3300 yen qarşılığında satacağını açıqlayıb. Səhm dünən 2976 yen səviyyəsində bağlanıb. Səhmlərin 25,4 faizinin “Japan Industrial Partners” tərəfindən alınacağı açıqlanıb.

1970-ci ildə qurulan Hitachi Construction Machinery, keçən maliyyə ilində 813,3 milyard yen satış etdiyini bildirib. Şirkətdə dünya üzrə təqribən 25 min nəfər çalışır.

Hitachi, keçən iyul ayında ABŞ-ın proqram təminatı inkişaf etdirən şirkəti GlobalLogic-i 9,6 milyard dollara satın alıb. Aprel ayında Hitachi Metals-in 3,5 milyard dollarlıq səhmlərinin ABŞ-ın Bain Capital investisiya fondunun rəhbərlik etdiyi qrupa satışı tənzimləyici orqanlar tərəfindən təxirə salınmışdı.