Qlobal göstərici tarixi rekorda çatıb…

Beynəlxalq Maliyyə İnstitutunun qlobal borc həcminə dair yeni hesabatı maraqlı məqamları üzə çıxarıb.

Marja xəbər verir ki, cari ilin 2-ci rübündə bütün dünyada ölkələr və şirkətlərin borc öhdəlikləri tarixi rekorda – 296 trilyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu rəqəm 270,9 trilyon dollar idi.

 

Pandemiya ilə əlaqədar olaraq əksər ölkələrin aşağı faiz siyasəti və iri iqtisadi stimullaşdırma paketləri borclanma səviyyəsini daha da yüksəldib. Təkcə aprel-iyun aylarında 4,8 trilyon dollar əlavə borc yaranıb ki, bunun da 1,5 trilyonu ev təsərrüfatlarının istehlak və ipoteka kreditləri, 1,3 trilyon dolları dövlət borcları, qalan hissəsi isə korporativ borclardır.

Borcun ÜDM-ə nisbəti isə ilin birinci rübünə nisbətən 9 faiz bəndi azalaraq, 353% təşkil edib. Bu ilin yanvar-mart aylarında həmin rəqəm də tarixi maksimuma (362%) çatmışdı.

Borcların bölgüsündə 205 trilyon dollar inkişaf etmiş ölkələrin, 92 trilyon dolları isə Hindistan, Çin, Cənubi Koreya, Braziliya və Türkiyə kimi inkişaf etməkdə olan iqtisadiyyatların payına düşür. Təkcə Çinin borcu 55 trilyon dolları keçib.

Hazırda dünya əhalisinin 7,9 milyard nəfər olduğunu nəzərə alsaq, Yer kürəsinin hər bir sakininin payına 37,4 min dollar borc düşür…