Gürcüstan hökuməti ölkədə avtomobil yanacağının qiymətlərinin aşağı salınması ilə əlaqədar yollar axtarır. Hökumət yanacağın qiymətlərinin avqustun sonunadək aşağı düşəcəyini gözləyir.

AZƏRTAC verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili söyləyib.

Nazir bu məsələnin iri yanacaq satış şəbəkələrinin nümayəndələri ilə görüşdə müzakirə olunduğunu bildirib.

Onun sözlərinə görə, görüşdə özəl sektorla birlikdə yanacaq bazarında rəqabət məsələləri, o cümlədən yanacağın mövcud qiymətlərinin aşağı salınmasını təmin edə biləcək ucuz yanacaq tədarükü mənbələrinin axtarışı müzakirə olunub. Bundan əlavə, görüşdə neft məhsulları bazarının monitorinqinin nəticələri də diqqət mərkəzində olub.

Yanacaq bazarında daha yüksək rəqabətin olmasının vacibliyi qeyd olunub, şirkətlərlə bu məqsədə necə nail olmaq və böyük şirkətlərin istehlakçılara daha sərfəli qiymətə yanacaq təklif edə bilmələri ilə bağlı məsələlər nəzərdə keçirilib.

Qeyd edək ki, “Globalpetrolprices”in məlumatına görə, bu gün region dövlətləri ilə müqayisədə avtomobil yanacağının qiyməti Gürcüstanda daha çox bahadır. Bu gün Gürcüstanda benzinin qiyməti 3,68 – 3, 75 lari, dizel yanacağının qiyməti isə 4,55-4,77 lari arasında dəyişir.

Əvvəllər yanacağın qiymətinin artımı Gürcüstan milli valyutası larinin dollar qarşısında dəyər itirməsi ilə əlaqələndirilirdi.

Yanacağın qiyməti 1 ABŞ dollarının 3,45 lariyə bərabər olduğu dövrdə bu səviyyəyə qalxmışdı. Lakin son 2 ayda 1 ABŞ dolları 2,70 lariyə dəyişdirilir. Lari dollar qarşısında 75 tetri dəyər qazansa da bu yanacağın qiymətinə təsir etməyib.