Frilanser fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vətəndaş vergiödəyicisi kimi uçota alınmalıdır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, fiziki şəxs vergi uçotuna alınarkən, fəaliyyət növündən asılı olaraq, təqdim edilən ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən edilmiş dərəcələrlə ödəməlidir.
Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergiödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergiödəyicisi olmaq hüququ saxlanılır.
Qeyd olunub ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200 min manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.
Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidirlər.