“Meta” şirkəti bildirib ki, feysbukun flaqman tətbiqi son üç il ərzində daha çox gənci cəlb edir, çünki bu platforma çərçivəsində yaşlı nəslin “qalası” reputasiyasını əhəmiyyətli dərəcədə dəyişdirməyə səy göstərilir.
AZƏRTAC xəbər verir ki, ABŞ və Kanadada 18-29 yaş arasında olan 40 milyondan çox yetkin insan hər gün feysbuka baxır. Sosial şəbəkə ilk dəfədir ki, belə demoqrafik məlumatları dərc edir. Ötən ay qurucusu Mark Zukerberqin 40 yaşının tamamladığı feysbuk bu il özünün 20 yaşını qeyd etdi.
Bu artım şirkətin son bir neçə il ərzində qısa video tətbiqi “TikTok”a axın edən gənclərin diqqətini yenidən cəlb etmək üçün göstərdiyi səyləri əks etdirir.
Nyu-Yorkda keçirilən və gənclərin proqramdan necə istifadə etdiyini göstərmək məqsədi daşıyan tədbirdə “Facebook Meta”nın rəhbəri Tom Elison bildirib ki, bu yubiley şirkətin rəhbərlərini gələcək nəsillər üçün feysbukun aktual olaraq qalması məqsədilə onun təkamül etməsinin zəruriliyini başa düşməyə sövq edib.
2004-cü ildə Harvard Universitetinin yataqxanasında qurulan feysbuk işə salındıqdan sonra Amerika kollec şəhərciklərində yanğın sürəti ilə yayıldı və qısa müddətdə internet istifadəçiləri üçün əsas kütləvi kommunikasiya platformasına çevrildi. Tətbiq ilk üç ilində 50 milyon insanı cəlb etdi və hazırda dünya üzrə 3,2 milyard istifadəçiyə malikdir. Ancaq zaman keçdikcə, feysbuk gənc istifadəçilər üçün daha az cəlbedici oldu.
“Pew” araşdırma təşkilatının keçən il keçirdiyi sorğuya görə, ABŞ yeniyetmələrinin yalnız üçdəbiri feysbukdan istifadə etdiyini deyir ki, bu, qrupun 2014 və 2015-ci illərdə keçirdiyi əvvəlki sorğularla müqayisədə kəskin azalma deməkdir.