Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 356 min ədəd artaraq 18 milyon 923 min ədəd təşkil edib.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18,7 faiz artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 20,6 faiz, kredit kartları üzrə 6,3 faiz təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb.

Cari ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,154 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6,069 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,076 milyon manatı POS-terminallar, 7,7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63,4 faizini təşkil edib.

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3 faiz, POS-terminalların sayı 26,5 faiz artıb.