Dövlət qiymətlərin kəskin artması və azalması risklərini müəyyən edəcək.
APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət ehtiyatları haqqında” qanun layihəsində (birinci oxunuş) əksini tapıb.
Layihəyə əsasən, dövlət ehtiyatları ilə bağlı dövlətin vəzifələri, dövlət qurumlarının fəaliyyəti müəyyənləşir. Dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
– strateji əhəmiyyətli malların siyahısını, istehlak bazarının həmin mallarla təmin edilməsi vəziyyəti baxımından qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək;
– strateji ehtiyatların və Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların tədarükünü eləcə də, təchizatçıların seçilməsini təmin etmək;
– strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq;
– ölkənin ərzaq balansını tərtib etmək.
Eyni zamanda layihə ilə dövlət qurumlarının dövlət ehtiyatları ilə bağlı fəaliyyəti də müəyyənləşəcək.
Dövlət qurumlarının dövlət ehtiyatlarının yaradılması və saxlanılması sahəsindəki vəzifələri aşağıdakılardır:
– dövlət ehtiyatları üzrə məsul orqanın müraciəti olduqda dövlət ehtiyatlarının yerləşdirilməsi və saxlanılması üzrə kömək göstərmək;
– malların strateji ehtiyatlara tədarükünün həyata keçirilməsinə kömək göstərmək;
– Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri və səfərbərlik hazırlığı çərçivəsində fövqəladə və səfərbərlik ehtiyatlarının yaradılmasını və saxlanılmasını təmin etmək.
Dövlət qurumları bu Qanuna uyğun olaraq dövlət ehtiyatlarından borcalma ilə bağlı dövlət ehtiyatları üzrə məsul orqana müraciət edə bilərlər.