Yunanıstan hökuməti Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarının Yunanıstanda 5 il müddətinə yaşamaq hüququ (“qızıl viza”) almaq üçün daşınmaz əmlaka yatırmalı olduqları minimum məbləği martın 31-dən etibarən artıracaq.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Yunanıstanın paytaxtı Afinada həmçinin, Mikonos, Saloniki və Santorini ərazilərində, o cümlədən əhalisi 3100 nəfərdən çox olan adalarda “qızıl viza” əldə etmək üçün daşınmaz əmlakın dəyəri yeni qaydalara əsasən 800 min, ölkənin digər bölgələrində isə 400 min avro olaraq müəyyən edilib. Bundan başqa, obyektin sahəsi 120 kvadrat metrdən az olmamalıdır.
Daşınmaz əmlak onu satın almış əcnəbi vətəndaşın mülkiyyətində qaldığı müddətcə “qızıl viza”nın müddətini hər dəfə növbəti 5 il müddətinə uzatmaq mümkün olacaq.