Qırğızıstan Milli Bankı milli valyutanın məzənnəsini saxlamaq üçün bazara 70 milyon dollardan çox vəsait satıb

Qırğızıstan Milli Bankı respublikanın valyuta bazarına müdaxilə edərək 70 milyon dollardan çox vəsait satıb. 

Marja.az xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin baş maliyyə tənzimləyicisinin rəsmi saytında dərc edilmiş məlumatda deyilir.

“Ümumilikdə 70,3 milyon dollar satılıb” – məlumatda bildirilir.

Bu, bir ayda ikinci və cari ildə respublikanın valyuta bazarına ən böyük həcmdə müdaxilədir.

Qırğızıstan Milli Bankı bu cür tədbirlərin köməyi ilə qırğız somunun aparıcı dünya valyutalarına nisbətdə məzənnəsinin kəskin dəyişməsinin qarşısını alır. Amerika valyutasının bazar dəyərinin artması halında bank dolları satır. Əks vəziyyətdə isə bazarda dollar alınır.

Ümumilikdə, ilin əvvəlindən Qırğızıstan Milli Bankı 11 dəfə dollar sataraq təxminən 524,5 milyon dollar bazara ötürüb.

Qırğız somunun dollara nisbətdə məzənnəsi praktiki olaraq dəyişmir. Hazırda respublikada 1 dollara 84,5 som verilir.