Tarixinin ən böyük bank böhranı ilə üzləşən İsveçrə monetar sərtləşdirmə yolundan geri addım atmadı. İsveçrə Milli Bankı gözləntilərə uyğun olaraq faizini 0,50 faiz bəndi artırıb.

ABŞ Mərkəzi Bankından (FED) sonra İsveçrə Milli Bankı bank böhranının kölgəsində faiz artırıb.

Marja xəbər verir ki, Bank faizini 0,50 faiz bəndi artıraraq 1,50 faizə çatdırıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozu faiz dərəcəsinin 0,50 bənd artırılacağı idi.

İsveçrənin köklü bankı Credit Suisse-dəki böhran ilə əlaqədar olaraq İsveçrə Milli Bankı işə qarışaraq banka 54 milyard dollarlıq kredit xətti açıb.

Davam edən böhran zamanı başqa bir köklü bank – UBS tarixi satınalma ilə Credit Suisse-i almağa razı olub.

UBS-in rəqibini almaq üçün 3 milyard İsveçrə frankı (3,3 milyard dollar) ödəyəcəyi bildirilib.

İsveçrə Milli Bankı saziş çərçivəsində UBS-ə 100 milyard frank likvidlik xətti verməyə razılaşıb. İsveçrə hökuməti, həmçinin UBS-ə alışdan yarana biləcək itkilərə görə 9 milyard frank zəmanət veriləcəyini açıqlayıb. İsveçrənin bank qurumu Finma, sövdələşmədən sonra 16 milyard franklıq riskli Credit Suisse istiqrazının dəyərsiz olacağını açıqlayıb.