APA-Economics” kripto valyuta birjası “Binance”nin MDB dövlətləri üzrə direktoru Olqa Qonçarova ilə müsahibəni təqdim edir:

– Son zamanlar kriptovalyuta bazarında böhran yaşanır. Bitcoin və digər əsas kriptovalyutalar ucuzlaşmaqda davam edir. Dördüncü ən böyük kriptovalyuta birjası FTX çökdü. Sizcə, hazırda kriptovalyuta bazarında nə baş verir və bu dalğalanmalar nə ilə bağlıdır?

– Hazırda baş verənlər kriptovalyuta sənayesinin inkişafında sadəcə bir mərhələdir və mən onun çox tezliklə bərpa olunacağına inanıram. Digər tərəfdən, bəzi oyunçuların son uğursuzluqları tənzimləyicilərin bazara daha çox diqqət yetirməsi ilə nəticələnəcək. Bu gün gördüyümüz vəziyyət kriptovalyuta bazarı üçün böyük problemdir. Amma bütün oyunçular birləşsə və birlikdə işləməli olduğunu nəzərə alsa bunun öhdəsindən gəlinə bilər.

“Binance” olaraq bu vəziyyətin bütün bazar üçün yaxşı bitəcəyinə inanırıq, çünki yalnız ən güclü, ən etibarlı iştirakçı və layihələr sağ qalacaq.

“Binance” həmişə istifadəçiləri qarşısında məsuliyyətini hiss edir və onları qorumaq üçün bunu əsas missiyası kimi görür. Ümid edirik ki, son hadisələr digər oyunçulara kriptovalyuta istifadəçiləri qarşısında məsuliyyət daşıdıqlarını, bu baxımdan əməkdaşlıq etmək və bazar üçün güclü standartlar müəyyən edilməli olduqlarını anlamağa yardımçı olacaq.

“Binance” bu gün özünün əsas rolunu digər bazar iştirakçıları ilə birləşməkdə və ümumi biznes standartlarını inkişaf etdirməkdə görür.

“Binance”nin rəhbəri Çanpen Zaonun bu yaxınlarda dərc edilən hər bir mərkəzləşdirilmiş birjanın qəbul etməli olduğu altı ən vacib tələb də məncə bu baxımdan əhəmiyyət daşıyır. Biz bir neçə pis bazar oyunçusunun hələ başlanğıc mərhələsində olan kriptovalyuta sənayesinin reputasiyasını ləkələməsinə icazə verə bilmərik. Ona görə də, sektordakı həmkarlarımızla sektor, tənzimləyicilər və cəmiyyətlə dialoqa can atırıq.

Həmçinin, “Binance” güclü, lakin likvidlik böhranı yaşayan layihələrə kömək etmək üçün sektorun bərpası fondunu yaradır. Tezliklə bu barədə geniş məlumat açıqlanacaq.

– “Binance”nin kriptovalyuta bazarında hazırkı durumunu necə qiymətləndirirsiniz?

– “Binance” bu gün həcminə görə ən böyük rəqəmsal aktiv mübadiləsini özündə cəmləşdirən maliyyə məhsulları ilə dünyanın aparıcı blokçeyn ekosistemi və kriptovalyuta infrastrukturu təminatçısıdır.

180 ölkədə 120 milyondan çox istifadəçiyə pul azadlığını artırmaq missiyasını öz üzərimizə götürmüşük. Ticarət və maliyyə, təhsil, məlumat və tədqiqat, sosial rifah, investisiya və inkubasiya, mərkəzsizləşdirmə və infrastruktur həlləri, digər sahələrdə kriptovalyuta məhsulları portfelinə sahibik.

“Binance”nin böyüməsinin sirri həqiqi öhdəliklərə sadiqlik və istifadəçilərə diqqət yetirməkdir. Məsələn, 2018-ci ildə biz ekstremal şəraitdə “Binance” istifadəçilərini qorumaq üçün SAFU fondunu (İstifadəçilər üçün Təhlükəsiz Aktiv Fondu) yaratdıq. İllər ərzində biz istifadəçilərimizi qorumaq üçün balansı adekvat səviyyədə saxlayaraq SAFU-nun ölçüsünə nəzarət etməyə davam etdik.

2022-ci ilin noyabr ayından etibarən SAFU-nun balansını 1 milyard dollara çatdırdıq. SAFU-nu həmişə əhəmiyyətli bir səviyyədə qoruyacağımıza söz vermişik və bu vədi yerinə yetirməyə davam edəcəyik.

– Qısa və orta müddətli dövr üzrə kriptovalyuta bazarının perspektivlərini necə qiymətləndirirsiniz? Gələn il bu bazarda bizi nə gözləyir?

– Mən kriptovalyuta bazarının inkişafı ilə bağlı çox optimistəm, çünki onun əsasını insanlara bir çox üstünlüklər verən texnologiya təşkil edir və bu texnologiya mövcud olmaqda davam edəcək. Kriptovalyuta maliyyə inklüzivliyinə böyük töhfə verir, rahat, sərfəli və istifadəçinin qorunmasını təmin edir. Çünki getdikcə tənzimləyicilər istifadəçilər üçün daha təhlükəsiz texnologiya tələb edir.

Bu gün insanlar kripto sənayesindəki vəziyyətdən mütləq narahatdırlar və hər şey “çox ağrılı” kimi qəbul edilir. Ancaq uzunmüddətli perspektivdə biz “Binance” olaraq hər şeyin daha yaxşı olacağına inanırıq. Buna görə də kripto investisiyalar arasında şəffaflıq məsələsinə ictimaiyyətin və biznesin diqqətini artırmaq çox vacibdir. Nəhayət, bütün kriptovalyuta şirkətləri tənzimləyicilərlə daha sıx əlaqə saxlamalı və “Binance” nümunəsi ilə öz işlərini daha açıq şəkildə aparmalı olacaqlar.

– “Binance” ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankçılıq Forumunda iştirak edirdi. Azərbaycanla bağlı əsas gözləntiləriniz nədir?

– Beynəlxalq bank forumunda iştirak etməkdən çox məmnunuq. Bu, bizim üçün ölkənin ənənəvi bank və maliyyə ictimaiyyəti ilə tanış olmaq, həm də özümüz haqqında danışmaq üçün unikal imkan oldu.

Biz inanırıq ki, Azərbaycan çox perspektivli iqtisadiyyata malik və MDB regionunda ən qabaqcıl bazarlardan biri olan, maliyyə sahəsində sıçrayışlı həlləri həyata keçirməyə qadir olan ölkədir.

Bu illər ərzində “Binance” rəqəmsal aktivlərin ümumi qəbuluna kömək etmək üçün effektiv və müvafiq tənzimləmə ehtiyacı barədə danışır. Biz qəti şəkildə inanırıq ki, sabit tənzimləyici mühit innovasiyaları dəstəkləyə bilər və bu bazara inam yaratmaq və uzunmüddətli inkişaf üçün vacibdir. Biz daha böyük tənzimləmənin qaçılmaz olduğuna inanırıq və “ağıllı tənzimləmənin” kriptovalyutanın təhlükəsiz saxlanması üçün faydalı olduğunu düşünürük.

Avtomobilin təhlükəsizlik kəmərləri kimi, daha çox tənzimlənən kriptovalyuta bazarı gündəlik istifadəçiləri daha çox qoruyur. Effektiv tənzimləmə siyasətini müəyyən etmək, tənzimləyicilər və hökumət rəsmiləri ilə işləmək üçün sektor olaraq mümkün olan bütün addımları atmağa hazırıq.

Ötən 18 ay ərzində əsas məqsədimiz qlobal səviyyədə tanınmış uyğunluq və tənzimləmə proqramını yaratmaq olub. Fransa, İtaliya, İspaniya və Kipr daxil olmaqla, Aİ daxilində “Binance”nin fəaliyyəti qeydiyyata alıb. Bu isə bizi G7 ölkələri tərəfindən qəbul edilən kriptovalyuta şirkətlərindən birinə çevirib. “Binance”nin Bəhreyn, Abu Dabi, Dubay, Qazaxıstan, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika, Kanada və Kolumbiyada fəaliyyətinə icazə verilib. Hazırda hədəfimiz Yaxın Şərq, MDB, Asiya Sakit Okean, Afrika və Latın Amerikası ölkələridir.

Biz həmişə tənzimləyici orqanlar və maliyyə sektoru ilə dialoqa açığıq və Azərbaycanda keçirilən forum zamanı da öz təcrübəmizi bölüşməkdən məmnun olduq. Azərbaycan hökuməti ilə müxtəlif aspektlərdə əməkdaşlığa başlamaq istərdik. Kriptovalyuta bazarının ən böyük oyunçusu olaraq, Azərbaycanda bu texnologiyanın başa düşülməsinə töhfə vermək bizim üçün böyük əhəmiyyət daşıyır.

– Sizcə, Azərbaycanda kriptovalyuta sahəsində tənzimlənmə necə həyata keçirilməlidir? Bununla bağlı Azərbaycanda tənzimləyici qurumlara hər hansı təklifləriniz varmı?

– Bazarda ən böyük oyunçu olaraq biz bir çox ölkələrlə işləyirik və kriptovalyuta tənzimlənməsinin ən yaxşı təcrübələrini toplayırıq. Bəzi hökumətlər kriptovalyutaya daha loyal münasibət sərgiləyirlər, bəziləri isə kriptovalyutaların qəbulu ilə bağlı daha ehtiyatlıdırlar. Lakin mən qəti şəkildə deyə bilərəm ki, hazırda qlobal bir tendensiya var ki, kriptovalyuta qadağan edilməməlidir, əksinə, tənzimlənməlidir.

Tənzimləmə vəziyyətində, bütün əməliyyatları boz sahəyə keçirmirsiniz. Bunun əvəzinə, aydın tənzimləmə və şəffaf qaydalar bütün əməliyyatları yayınmadan uzaqlaşdırmağa və bütün oyunçular üçün “win-win” vəziyyəti yaratmağa imkan verir.

Mən başa düşürəm ki, Azərbaycanda hələlik kriptovalyuta ilə bağlı tənzimləmə yoxdur, lakin interneti qadağan edə bilməyəcəyiniz üçün bütün kriptovalyuta xidmətləri mövcud olacaq. İstifadəçilər kripto platformalarında ticarət edir və pulları kriptoya və geriyə köçürürlər.

Sənaye tənzimlənmirsə və ya sadəcə qadağandırsa, o zaman boz zonada olacaq və bu heç bir dövlət üçün yaxşı deyil. Üstəlik, asanlıqla müxtəlif fırıldaqların qurbanı ola biləcək adi istifadəçilər üçün əlavə risklər yaradır. Amma tənzimlənərsə, bu, ölkələrdə innovasiyaları təşviq edir, yeni resurslar cəlb edir, büdcəyə əlavə pul verir.

İstifadəçilərin qorunması bütün sənaye oyunçuları və tənzimləyicilər üçün əsas prioritetdir. Qazaxıstan kimi yeni rəqəmsal texnologiyaların aparıcı oyunçuları olmaq niyyətində olan ölkələr artıq qanunvericilik və tənzimləmə mühitində əhəmiyyətli dəyişikliklər edir və bununla da ən yüksək standartları müəyyən edirlər. Qazaxıstan hökuməti kriptovalyuta bazarının tənzimlənməsi sahəsində fəal mövqe tutur ki, bu da istifadəçi vəsaitlərinin qorunmasına və yerli birjaların tənzimlənməsinə tamamilə töhfə verir.

Məsələn, hazırda Avropa tənzimləyicisi və Bank Nəzarəti üzrə Bazel Komitəsi tərəfindən çox diqqət çəkən DeFi sferasının tənzimlənməsindən danışarkən, hər şey ilkin mərhələdədir.

Yekun olaraq, başınızı quma gömməməyi, lakin yenə də ən yaxşı beynəlxalq təcrübələri araşdırmağı və ölkədə kriptovalyutaların tənzimlənməsinə yönəlmiş qanunvericiliyin hazırlanması istiqamətində ilk addımların atılmasını tövsiyə edirik. Çünki bu, istifadəçilərin daha yaxşı qorunması, büdcəyə əlavə vergilərin daxil olması və innovasiyalara dəstək üçün töhfə deməkdir.

-Hazırda Azərbaycan Mərkəzi Bankı rəqəmsal manatın yaradılması üzərində çalışır. “Binance”la bu sahədə hansısa şəkildə əməkdaşlıq gözlənilirmi?

– Rəqəmsal valyutaların (CBDC) yaradılması mürəkkəb bir prosesdir. Hazırda yüzdən çox ölkə bu texnologiya üzərində araşdırma aparır. Bu yaxşıdır, çünki mərkəzi banklar da artıq yeni texnologiyalara üz tutmağa başlayıblar. Bu cəhətdən rəqəmsal valutaların yaradılmasını qətiyyətlə dəstəkləyirik. Ən böyük narahatlıqlardan biri şəxsi məlumatların qorunması və təhlükəsizlikdir. Əgər rəqəmsal valyutalar maliyyə stabilliyi və istifadəçilərin qorunmasını təmin edə bilərsə mərkəzi banklar CBDC ilə bağlı prosesi inkişad etdirə bilərlər. Hazırda Qazaxıstanla pilot olaraq rəqəmsal valyutanın yaradılması üzrə test mərhələsində əməkdaşlıq edirik. Rusiya, Qırğızıstan, və digər Orta Asiya ölkələri rəqəmsal vayutalarının yaradılması üzərində çalışır. Gələn ildən Gürcüstan da bu sahədə pilot layihəyə başlayacaq. Azərbaycanla da bu sahədə əməkdaşlıq edə bilərik.