Azərbaycanda ili nisbətən köhnə olan avtomobil sürənlər “Aİ-92” markalı benzindən istifadə edir. Təzə avtomobillərə isə adətən yüksək oktanlı hesab olunan “Aİ-95” və ya “Aİ-98” markalı benzin tökülür. Çünki hər bir avtomobilin texniki pasportunda onun üçün hansı növ yanacaqdan istifadə olunması qeyd edilir. Avropa ölkələrində 2014-cü ildən etibarən heç bir avtomobil aşağı oktanlı benzin ilə istehsal edilmir. Odur ki, həmin ölkələrdən gətirilən və son 6-7 ilin buraxılışı olan avtomobilləri sürənlər yüksək oktanlı benzinə üz tuturlar. Köhnə avtomobillərə isə ya yüksək oktanlı benzin tökmək məsləhət görülmür, ya da nisbətən ucuz qiymətə olan aşağı oktanlı benzin tökmək kifayət edir.

Qeyd edək ki, bu gündən ölkədə “Aİ-95” premium və “Aİ-98” super markalı yanacaq növlərinin qiyməti bahalaşıb. Belə ki, sözügedən yanacaq növlərinin 1 litri müvafiq olaraq 1,6 manata və 1,9 manata satılır. Bu isə avtomobil bazarı ilə maraqlanan, yüksək oktanlı benzin tələb edən maşınlar sürən və ya belə maşınları almağı planlayan şəxslərdə narahatlıqlar yaradıb.

Benzinin bahalaşması avtomobil bazarında hansı dəyişiklikləri yaradacaq?

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Report”a açıqlamasında qeyd edib ki, benzinin qiymətinin artması bahalı avtomobillərə marağı azalda bilər:

“Hazırda ikinci əl olan və premium markalı benzin işlədən avtomobillərin qiyməti ucuzlaşa bilər. Amma “Aİ-92” markalı benzin və ya dizellə çalışan avtomobillərin qiymətində dəyişiklik gözlənilən deyil”

Ərşad Hüseynov

yol hərəkəti üzrə ekspert, hüquqşünas

““Aİ-95” və “Aİ-98” markalı benzinin qiymətinin qalxmasının ikinci əl avtomobillərin satışına mənfi təsiri gözləniləndir. Çünki avtomobil almaq istəyən şəxs “Premium” markalı benzinin baha olması səbəbilə ya “Aİ-92” benzinlə işləyən, ya dizellə və ya sıxılmış qazla işləyən, ya da hibrid mühərrikli avtomobillərə və elektromobillərə üz tutacaq. Amma müasir hibrid avtomobillər də “Aİ-95” markalı benzin işlədirlər. Hər halda daha çox yanacaq işlədən və daha yüksək markalı benzin tələb edən, avtomobillərə marağın azalacağı gözləniləndir.

İnsanlar yeni avtomobil alsalar, benzinə çox pul xərcləməli olacaqlar. Benzin problemi olmayan hibrid və elektromobillərin isə özləri bahadır. Köhnə avtomobillərin isə ekoloji problemləri var. Hər halda benzinin qalxması bahalı və yeni avtomobillərin dövriyyəsinə təsir edəcək”.

Ekspert deyib ki, bəzi avtomobillərin qiymətində də dəyişikliyin ola bilməsi istisna deyil:

“Bu məsələnin xaricdən Azərbaycana sıfır kilometrajla idxal olunan avtomobillərin qiymətinə təsir edəcəyi gözlənilmir. Amma artıq Azərbaycanda istifadədə olan ikinci əl avtomobillərin qiymətinə az da olsa təsir edə bilər. Yəni o avtomobillərə maraq azalar. Maraq azalanda isə qiymətlər də cüzi də olsa azala bilər. Belə ki, hazırda ikinci əl olan və “Premium” markalı benzin işlədən avtomobillərin qiyməti ucuzlaşa bilər. Amma “Aİ-92” markalı benzin və ya dizellə çalışan avtomobillərin qiymətində dəyişiklik gözlənilən deyil. Olsa da, bəlkə qısamüddətli və cüzi artım ola bilər”.

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, yanacağın bahalaşması hibridlərə tələbatı artıracaq:

“Benzinin qiymətinin qalxması dizellə çalışan avtomobillərə və hibridlərə tələbatı daha çox artırıb”

Eldəniz Cəfərov

Nəqliyyat məsələləri üzrə ekspert

“Əvvəllər benzinin bahalaşması avtomobil sektorunda vətəndaşların daha çox dizel mühərrikli avtomobillərə üstünlük verməsi ilə nəticələnirdi. Bu gün daha bir alternativ var. Benzinin qiymətinin qalxması dizellə çalışan avtomobillərə və hibridlərə tələbatı daha çox artırıb. Getdikcə əgər dizel də bahalaşacaqsa, hibrid avtomobillərə tələb daha da artacaq”.

“Hibridlərə tələbin artması ilə paralel qiymətlər də artarsa, bunun benzin faktoru ilə əlaqədar olacağını düşünmürəm. Hibridlərin qiymətlərinin artmasına səbəb iri avtomobil sənayeçilərinin istehsal həcmini azaltmasıdır”, – deyə ekspert əlavə edib.