Bakı metropoliteni gələn il üçün daha 20 vaqondan ibarət 4 qatar tərkibi sifariş verib.

Bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bununla bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə müqavilə bağlayıb: “Müqaviləyə əsasən şirkət Bakı metropoliteni üçün daha 20 vaqon istehsal etməli və gələn il Bakıya yola salmalıdır. Gələn ilin yay aylarına qədər vaqonlar istehsal edilib Bakıya göndərilməlidir. Həmin dövrə qədər Bakı metropoliteni bütün texniki şərtləri müəssisəyə təhvil verməlidir”.

Xatırladaq ki, hazırda Bakı metropoliteninin lokomativ parkında 56 qatar tərkibi olmaqla 280 vaqon sərnişinlərə xidmət edir. Onlardan 19 qatar tərkibi olmaqla 95 vaqon yeni nəsil vaqonlardır. Gələn ilin sonuna isə metro stansiyalarında xidmət edəcək yeni nəsil vaqonlarının sayı 115, qatar tərkibinin sayı 23 olacaq.

Yeni vaqonlar məhz Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub. Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistemlər, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir.

Vaqonlar arasında birbaşa keçidlər var. Bu, sərnişin salonunun 15 faiz genişlənməsinə, nəticədə, daha çox sərnişin daşımağa, sərnişinlərin qatar boyunca rahat hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır.