Sosial şəbəkələrdə növbəti aydan etibarən mobil operatorların internet trafikinə görə tətbiq edilən tarifləri yüksəldəcəyi ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı “Azercell Telekom” MMC tərəfindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, internet trafikinə görə tətbiq edilən tariflərin artırılması nəzərdə tutulmayıb.
“Əksinə, şirkətimiz “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə sadiq qalaraq abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq üçün bir sıra mühüm layihələr üzərində çalışır.
“Azercell Telekom” MMC ötən ilin avqust ayında start verdiyi şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi çərçivəsində cəmi 5 ay ərzində ölkə boyunca 100-dən çox yeni 4G baza stansiyasını quraşdırıb, 1050-dən çox baza stansiyasında təkmilləşdirmə işləri görüb. 2022-ci ildə lider mobil operator LTE şəbəkəsinin əhatə dairəsini 6% artırmağa müvəffəq olub. Görülən tədbirlər nəticəsində internet trafikinin həcmində 40% artım müşahidə edilib.
Eyni zamanda, Azercell istər fərdi, istərsə də korporativ abunəçilərinə təqdim etdiyi xidmətlərin və tariflərin keyfiyyətinin daha da yüksəldilməsi, onların ən innovativ və qabaqcıl xidmət və tariflər ilə təmin edilməsi üçün rəqəmsal məhsullar portfelini optimallaşdırır. Xatırladaq ki, ötən ilin oktyabr ayında “Azercell Telekom” MMC Azərbaycan bazarına ilk rəqəmsal tarifi- İstəsən tarifini gətirdi. Lider mobil operator abunəçilərinə fərdi ehtiyac və istəklərinə uyğun olaraq danışıq dəqiqələrini, internet balansını, müvafiq sosial şəbəkələr üçün əlavə internet balansını müəyyən edib unikal tarif paket yaratmaq imkanı verdi”, – deyə məlumatda qeyd olunub.