Azərbaycanda sahibkarların haqlı narazılığı nəzərə alınaraq gömrük bəyannaməsi gömrük orqanına təqdim edildiyi andan etibarən 1 gün ərzində ona baxılacaq, əgər bəyannamədə gömrük dəyəri üzrə düzəliş tələbi irəli sürülməlidirsə 24 saat ərzində həmin şəxslərə bildiriləcək.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Gömrük məcəlləsində və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik ediləcək: “Həmin sənədlər Milli Məclisdə 3-cü oxunuşdan keçib və yaxın zamanlarda dərc edilməsi gözlənir. Beynəlxalq təcrübə əsasında yeni bildiriş forması da təsdiq edilib. Bu isə daha təfərrüatlı və səlis hesabata şərait yaradır”.

“Mövcud məcəllə çərçivəsində malların mənşə ölkəsinin, kodlarının müəyyən olunması vaxt itkisinə gətirib çıxarır. Hazırda malların kodlarının müəyyən olunması bəyannaməçi tərəfindən həyata keçirilir və görmük orqanları tərəfindən həmin kodların düzgün bəyan edilməməsi müəyyən edilərsə, şübhələr yaranarsa orqanın kodu təsnifatlandırması, bu zaman əlavə köməyə ehtiyac yaranarsa gömrük orqanının onu ekpserizaya göndərmək hüququ var. Malların ekspertizada baxılma müddəti 20 günə qədərdir ki, bu da haqlı narazılığa səbəb olur. Vaxt itkisinin qarşısını almaq üçün malların gömrük ərazisinə gətirilməməsi üçün “Məcburi qərar” pilot layihəsinin icrasına başlanıb”, – deyə T.Alverdiyev əlavə edib.