2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 251 milyon 717 min dollar dəyərində 904 min 782 ədəd smartfon idxal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 12.5% və ya 100 min 855 ədəd, dəyər baxımından isə 22% və ya 45 milyon 527 min dollar çoxdur. Belə ki, 2023-cü ilin ilk 8 ayı ərzində ölkəyə 206 milyon 190 min dollar dəyərində 803 min 927 ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 472 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 436 manat idi.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən (702 814 ədəd), Vyetnamdan (142 934 ədəd), Hindistandan (55 301 ədəd) və Amerika Birləşmiş Ştatlarından ( 2636 ədəd ) gətirilib. Bu məhsul Çindən 450 manata, Vyetnamdan 581 manata, Hindistandan 394 manata, Amerika Birləşmiş Ştatlarından isə 1954 manata idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 143,5 min ABŞ dolları dəyərində 888 ədəd smartfon ixrac edilib. Çexiya (316 ədəd) və Honqonqa (571 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 275 manat təşkil edib.