Ötən əsrin 70-ci illərində qlobal neft böhranı dünyanı alternativ yollar axtarmağa sövq etdi. Bərpa olunan enerjidən – günəş və külək enerjisindən istifadə aktuallaşdı. Yeni sənaye inqilabı dövründə onsuz da məhdud olan ənənəvi enerji ehtiyatlarından istifadə artmışdı. Artıq tükənmə nöqtəsinə gəlib. Bərpa olunan enerji – qalıq yanacaq materiallarına (neft, qaz, daş kömür) nisbətən atmosferi daha az çirkləndirir. Müasir dünyamızda dayanıqlı inkişafın təmin edilməsi üçün yeni və daha ekoloji təmiz enerji qaynaqlarına ehtiyac var.
Bu barədə Trend-in suallarını cavablayarkən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
“Bərpa olunan enerjidən istifadənin tarixi antik dövrə gedib çıxır. Hələ qədim Yunanıstanda su gücü ilə işə düşən çarxlardan istifadə olunurdu. Lakin “yaşıl enerji”dən geniş istifadə 19-cu yüzilin sonlarından başlandı. Su və külək elektrik stansiyaları yaradıldı. “Yaşıl enerji”dən istifadə ötən əsrin 80-ci illərindən sonra daha da yayıldı. “Yaşıl enerji”yə keçidin əsas məqsədi havaya daha az istixana qazları atılmasına nail olmaq, gələcək nəslə daha təmiz bir dünya buraxmaqdır.
Azərbaycan “yaşıl enerji”yə keçidlə bağlı təşəbbüskar ölkələrdəndir. Ölkəmizdə bu istiqamətdə axtarışlar, “yaşıl enerji” potensialının araşdırılması 2004-cü ildən intensivləşib. 2020-ci ildə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Hazırda Azərbaycanın enerji istehsalında bərpa olunan enerjinin payı 5 faizdir. Ölkəmizdə energetika sahəsində bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi dövlət başçısı tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb. Belə ki, 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30%-ə çatdırılması hədəf kimi müəyyənləşdirilib.
Ölkəmizdə bərpaolunan enerji potensialı – quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin bizə aid hissəsində külək enerjisi 157 qiqavat təşkil edir. 2021-ci ilin fevralında qəbul edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” proqramı Azərbaycanın bərpa olunan enerji istehsalı siyasətinin əsasını qoyub. Bu proqramda 5 milli prioritetindən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinı çevrilməsidir”, – deyə o vurğulayıb.
E.Cəfərli əlavə edib ki, Azərbaycan bu günə qədər “yaşıl enerji” sektorunda böyük təcrübəsi olan ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və BƏƏ kimi dövlətlərin nəhəng şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb.
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il Azərbaycanda keçiriləcək. Azərbaycan qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması ilə bağlı beynəlxalq təşəbbüsləri dəstəkləyir. Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə “yaşıl enerji”yə keçidlə bağlı fəal iş aparır.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin, Naxçıvanın “yaşıl enerji zonası” elan edilib və bu istiqamətdə ciddi addımlar atılır. Qarabağ və Şərqiz Zəngəzur bölgələrində böyük qayıdış layihəsi çərvicəsində görülən şəhərsalma və digər işlər ekoloji layihələrə əsaslanır. Yenidən qurulan və bərpa olunan bölgələrdə, həmçinin, Bakıda yeni yaşıl nəqliyyat zolaqları yaradılır.
Ölkəmiz neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək”,- deyə o bildirib.