Bərpa olunan enerji mənbələrinin sürətləndirilmiş şəkildə tətbiqi üçün əsas problemlərdən biri elektrik şəbəkələrinin məhdudiyyətləridir.

APA-Economics”in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, bu problem təkcə Azərbaycanda deyil, dünyanın digər ölkələrində də özünü göstərir.

Əfqan İsayev onu qeyd edib ki, hazırda hökumət və Energetika Nazirliyi elektrik şəbəkəsinin təkmilləşdirilməsi üçün müvafiq işlər aparır. Bu, yaşıl enerjinin ümumi enerji sisteminə qəbulunu və ötürülməsini uyğunlaşdırmağa imkan verəcək.

Vitse-prezidentin sözlərinə görə, qeyd olunan problemi həll etməyin yollarından biri – enerjinin saxlanması üçün akkumulyator sistemlərinin quraşdırılmasıdır.

“Hazırda bu, kifayət qədər bahadır, lakin ümid edirik ki, texnologiyanın inkişafı ilə xərcləri əhəmiyyətli dərəcədə azaltmaq və bu sistemlərin tətbiqini sürətləndirmək mümkün olacaq”, – Əfqan İsayev qeyd edib.